Azərbaycan 2020-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə $16 mln. 77,75 min dəyərində qaz və elektrik sayğacları idxal edib (2019-cu ilin 9 ayı ilə müqayisədə azalma 30,9%). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana $10 mln. 980,45 min dəyərində 429,237 min ədəd qaz sayğacı idxal olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə qaz sayğaclarının idxalı say ifadəsində 68,8% artıb, dəyər ifadəsində - 34% azalıb.
Sayğaclar Almaniya, Çin, Niderland, Sloveniya, Türkiyə, Böyük Britaniya, İran, İtaliya və Malayziyadan tədarük olunub. İdxalın əsas həcmi Çinin ($7 mln. 215,98 min dəyərində 300,35 min ədəd), Slovakiyanın ($1 mln. 501,92 min dəyərində 53,9 min ədəd) və Türkiyənin ($1 mln. 734,43 min dəyərində 68,676 min ədəd) payına düşüb.
Yanvar-sentyabr aylarında Azərbaycana, həmçinin $5 mln. 97,3 min dəyərində (azalma 23,3%) 163,01 mn ədəd elektrik sayğacı da idxal olunub (azalma 34,2%).
Tədarük İtaliya, Çin, Türkiyə, Almaniya, İspaniya, Rusiya və s. ölkələrdən həyata keçirilib. İdxalın əsas həcmi Türkiyənin ($930,13 min dəyərində 89,306 min ədəd) və Çinin ($4 mln. 95,17 min dəyərində 73,321 min ədəd) payına düşüb.
2019-cu ildə ölkəyə $22 mln. 43,62 min dəyərində 313,502 min ədəd qaz sayğacı və $8 mln. 983,76 min dəyərində 295,976 min ədəd elektrik sayğacı idxal olunub.**
N.Abbasova