Azərbaycan, RF və Ermənistan liderləri arasında Dağlıq Qarabağ üzrə əldə olunan razılaşmalar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətləri ilə əməkdaşlıq çərçivəsində yeni imkanlar açır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Münaqişənin həllində yeni mərhələyə, yenidənqurma və reabilitasiya mərhələsi, dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır və QDİƏT yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmalıdır”, - Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 42-ci iclasında çıxışında bildirib.
Bayramovun çıxışının mətni cümə günü XİN-in mətbuat xidməti tərəfindən yayılıb.
Həmçinin, nazir vurğulayıb ki, bundan sonra perspektivli iqtisadi layihələrin reallaşdırılması məqsədilə yeni imkanlar yaradılacaq.
“Bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Bu o deməkdir ki, Asiya ilə Avropa arasında ticarətdə regionumuzun rolunun gücləndirilməsinə imkanlar yaradacaq həyati əhəmiyyətli müstəqil quru dəhlizi fəaliyyətə başlaya bilər”, - XİN başçısı qeyd edib. .
Onun sözlərinə görə, münaqişələr, uzun sürən xarici işğalçılıq və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhlükə altına qoyur. Bu həm də regional əməkdaşlığı əngəlləyir.
“Şuranın diqqətinə məmnunluqla çatdırmaq istərdim ki, bu ilin 9 noyabrında Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistanın baş nazirinin imzaladığı bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni səhifə açdı. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərdən öz silahlı qüvvələrini çıxarır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir. Keçmiş münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilir və birgə atəşkəs monitorinq mərkəzi yaradılır”, - nazir vurğulayıb. **
X.Nəsirzadə