Füzuli rayonunda beş nəfər tank əleyhinə minaya düşərək həlak olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilir.
“28 noyabr tarixində saat 15:20-də beş mülki şəxs Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olub”, - məlumatda qeyd olunur.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilisb, digər prosessual hərəkətlər yerinə yetirilib.
“Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib”, - məlumatda bildirilir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir. **
X.Nəsirzadə