Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlı kontingent üçün nəzərdə tutulan yükün Xankəndiyə çatdırılmasını təmin edib.
“Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir. Noyabrın 28-də Rusiyadan Azərbaycana dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib”, - Müdafiə Nazirliyindənməlumat verilir.
Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb.
“Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb. Gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir”, - MN-dən qeyd olunur. **
R.Əhmədov