2006-2020-ci illərdə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 31,042 min ipoteka krediti verilib. Bunu fondun İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov deyib.
“Bu günədək fondun müvəkkil bankları tərəfindən 1 milyard 608 milyon 895,71 min manat məbləğində 31,042 min ipoteka krediti verilib. İKZF-nin xətti ilə ipoteka kreditləşməsi 51 regionu əhatə edir”, – deyə o, bu gün keçirilən brifinqdə bildirib.
2020-ci ilin yanvar-oktyabr aylarında fondun müvəkkil bankları tərəfindən 207,6 milyon manat məbləğində ipoteka kreditləri verilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 62,4% çoxdur.
R.Hümmətovun sözlərinə görə, kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə zəmanətlərin həcmi 112 milyon 203,1 min manat məbləğində qiymətləndirilir, zəmanət verilmiş kreditlərin məbləği isə 190,356 milyon manatdır. Bu mexanizm artıq 26 regionu əhatə edir.
“Bundan başqa, fond ipoteka kreditləri üzrə də zəmanətlər verir. Bu günədək 17 milyon 702,4 min manat məbləğində 233 ipoteka krediti üzrə zəmanətlər vermişik”, - deyə o qeyd edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.*
Ə.Məmmədov