Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2020-ci ilin yekunları üzrə 10 milyon manat məbləğində mənfəət gözləyir. Bunu fondun İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov deyib.
“Fəaliyyət göstərdiyi dövr ərzində İKZF-nin maliyyə zərərləri olmayıb, fond bütün illəri mənfəətlə başa vurub və bu günə cəmi bölüşdürülməmiş mənfəəti 85 milyon manat təşkil edir. Cari ilin sonuna fondun mənfəətinin 10 milyon manat təşkil edəcəyi gözlənilir”, – deyə o, bu gün jurnalistlərlə videokonfrans zamanı “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab verərkən bildirib.
Hümmətovun sözlərinə görə, İKZF 2020-ci ilin yekunları üzrə aktivlərinin 1,85 milyard manata qədər artacağını proqnozlaşdırır (2019-cu ilin sonuna 1 milyard 406 milyon 159,049 min manat). Artım 32,1% təşkil edəcək.
“Hazırda fondun aktivləri 1,8 milyard manat təşkil edir. Yaxın günlərdə 50 milyon manatlıq istiqrazların cari il üçün sonuncu yerləşdirilməsini həyata keçirəcəyik. Beləliklə, hesab edirik ki, ilin sonuna İKZF-nin aktivləri 1,85 milyard manat təşkil edəcək”, - deyə o qeyd edib.
Sədr müavini 2021-ci ildə fondun kapitalının artırılacağını istisna etməyib.
“Nizamnamə kapitalımız adətən hər il artırılır – hər il bunun üçün dövlət büdcəsindən vəsait ayrılır. Lakin bu qərar bilavasitə ölkə başçısı tərəfindən qəbul olunur və qabaqcadan danışmaq istəməzdik. Bütövlükdə, gələn il nizamnamə kapitalının artacağını gözləyirik", - deyə Hümmətov əlavə edib.
2019-cu ilin yekunları üzrə fondun vergi ödənilənədək mənfəəti 18 milyon 641,246 min manat təşkil edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 637 milyon manatdır.*
Ə.Məmmədov