Azərbaycan 2020-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 8 milyard 278,41 milyon kubmetr qaz ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 20,6% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Sentyabr ayında Türkiyəyə 753,22 milyon kubmetr Azərbaycan qazı ixrac olunub, bu isə Türkiyəyə qaz ixracının ümumi həcminin 20,23%-ni təşkil edib (2019-cu ilin sentyabr ayı ilə müqayisədə azalma 7,99%).
Azərbaycan cari ilin sentyabr ayında Türkiyəyə qaz ixracının həcminə görə ikinci yerdə qərarlaşmaqla mövqeyini qoruyub. Birinci yerdə Rusiya (49,85%), üçüncü yerdə İran (13,83%), dördüncü yerdə Əlcəzair (7,62%) qərarlaşıb.
Azərbaycan mart ayında Türkiyəyə qaz ixracına görə birinci yeri tutub və iyul ayınadək liderliyini qoruyub, avqust ayından isə ikinci pilləyə enib.
Sentyabr ayında Türkiyəyə 3 milyard 723,07 milyon kubmetr qaz (2019-cu ilin sentyabr ayı ilə müqayisədə artım 22,53%) ixrac edilib. 3 milyard 124 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 83,9%-i, 2019-cu ilin sentyabr ayı ilə müqayisədə artım 26,54%), 599,07 milyon kubmetr (bütün ixracın 16,1%-i, artım 5,1%) isə LNG-nin payına düşüb.
2019-cu ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 9 milyard 584,78 milyon kubmetr qaz (artım 27,3%) ixrac edib.
Azərbaycan qazı Türkiyəyə yalnız “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində ixrac edilir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova