İpoteka və Kredit Zəmanət Fondu (İKZF) yaxın vaxtlarda kirayə mənzil fondunu artırmağı planlaşdırır. Bu barədə fondun İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov məlumat verib.
“Hazırda fondun balansında 983 mənzil var. Yaxın vaxtlarda Nizami rayonunda - Babək prospektində və Binəqədi rayonunda - 9-cu mikrorayonda yerləşən binalardan mənzillər almağı planlaşdırırıq”, - deyə o, bu gün videokonfransda jurnalistlərə bildirib.
R.Hümmətov əlavə edib ki, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində indiyədək 380 müqavilə rəsmiləşdirilib.
Azərbaycan Prezidenti 2019-cu il yanvar ayında “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Qaydaya əsasən, İKZF satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə yaşayış sahələrini satın almaq hüququ əldə edir. Fond belə yaşayış sahələrinin satın alınmasını aşağıdakı mənbələr hesabına həyata keçirir: fondun kapitalı; fondun emissiya etdiyi istiqrazlardan daxil olan vəsait.
Yaşayış sahəsinin alınmasını və satmaq öhdəliyi ilə kirayəyə verilməsini fond aşağıdakı şərtlərə riayət etməklə həyata keçirir: kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır; müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır; kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir.
Kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir.
Kirayə müqaviləsinin bağlanılması üçün müraciət elektron sistem vasitəsilə edilir. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır.*
Ə.Məmmədov