"AzerGold" QSC noyabrın 30-da $10 milyon məbləğində istiqrazlar yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
““AzerGold” noyabrın 30-da $10 milyonluq istiqrazların ikinci tranşını yerləşdirib. Sifarişlərin ümumi həcmi $18 milyon 443 min təşkil edib”, - deyə məlumatda bildirilir.
Hərrac zamanı 37 investor tərəfindən sifariş təqdim edilib.
İstiqrazların tədavül müddəti 3 il, kupon faizi illik 4%-dir. Emissiya hər birinin nominal dəyəri $100 olan 100 min ədəd istiqraza bölünüb.
Xəbər verildiyi kimi, “AzerGold” QSC 2020-ci ilin sentyabr ayında $20 milyon dəyərində (hər biri $10 milyon olan iki tranşla) istiqrazların ilk emissiyasının həyata keçirilməsi barədə elan edib. $10 milyon məbləğində istiqrazların birinci tranşı sentyabrın 24-də yerləşdirilib. 40 investor tərəfindən sifarişlərin həcmi $25 milyon 592,6 min təşkil edib.
İstiqrazların emissiyasından cəlb ediləcək vəsait “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) yataqlarının resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldiləcək.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnamə kapitalı 37 milyon manat təşkil edir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova