Azərbaycan prezidenti İlham Əliyev dünya ictimaiyyətinə müraciət edərək xəbərdarlıq edib ki, əgər xarici güvvələr Dağlıq Qarabağ üzrə üçtərəfli razılaşmanın icrasına müdaxilə etmək istəsələr, bu halda rəsmi Bakı sərt mövqeyini nümayiş etdirəcək.
“Noyabrın 10-da imzalanmış bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun”, - Əliyev çərşənbə axşamı xalqa müraciətində bildirib.
Həmçinin, prezident qeyd edib ki, bəzi xarici qüvvələr regionda geosiyasi vəziyyətin dəyişməsi ilə əlaqədar bu sənəddən narazıdır.
“Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir”, - dövlət başçısı vurğulayıb. **