Azərbaycan prezidenti İlham Əliyev Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış aşağıdakı kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər: üç və ya daha çox uşağı olan; himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan; himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan; ailənin tək övladı olan; ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş; döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan; yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş şəxslər.
Həmçinin, ali təhsil müəssisələrində təhsil alanlar. **
B.Rüstəmbəyov