Türkiyədə fəaliyyət göstərən “GOSB” texnoparkı ilə Azərbaycanın İnnovasiyalar Agentliyi arasında “Mədəni və Elmi Əməkdaşlıq” memorandumu imzalanıb. Bu barədə agentliyin məlumatında deyilir.
“Qarabağın yeni tarixi yazılarkən onu regionda həm də yüksək texnologiyalar və innovasiyalar məkanına çevirmək dövlətimizin iqtisadiyyatı və gələcək tərəqqisi üçün vacibdir. Bu məqsədlə Qarabağda texnologiya parklarının, innovasiya mərkəzlərinin açılması planlaşdırılır. İnnovasiyalar Agentliyi bu yolda ilk addımını Türkiyənin ən böyük sənaye bölgələrindən birində yerləşən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə memorandum imzalayaraq atıb”, - deyə məlumatda bildirilir.
Memoranduma əsasən, Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması və gənc mütəxəssislərin yetişdirilməsi məqsədilə mütəmadi olaraq akselerasiya proqramlarının, texnologiya transferi proqramlarının, bilik və təcrübələrin paylaşılması planlaşdırılır.
“Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil ediləcək, ən əsası isə müştərək Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda, yüksək texnoloji cihazların istehsalı planlaşdırılır. Mütəmadi təşkil olunacaq kampuslarda isə gənclərimizin və İKT sahəsinin mütəxəssislərinin bir-biri ilə ünsiyyətdə olmaları, təcrübələrini bölüşmələri və yeni ideyalarını həyata keçirmələri üçün mühit yaradılacaq”, – deyə məlumatda qeyd olunur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli Fərmanına əsasən yaradılıb.
İnnovasiyalar Agentliyi yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir.
Agentliyin əsas məqsədi İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması, yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasıdır.
İnnovasiyalar Agentliyinin hədəfi “Made in Azerbaijan” brendi ilə innovativ və yüksək texnoloji məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə mövcud yerli brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmaq,rəqəmsal transformasiya məqsədli məhsul və xidmətləri müəyyənləşdirmək, robot və bulud texnologiyalarına, irihəcmli məlumatların emalına, süni intellektə əsaslanan həlləri dəstəkləməkdir.*
Ə.Məmmədov