Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb.
“Hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin”, - deyə sərəncamda bildirilir.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
“44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi”, – deyə sərəncamın mətnində qeyd olunur.*
R.Əhmədov