Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Qarabağda nəqliyyat infrastrukturunun yenidən qurulması üzrə layihələr həyata keçirməyi planlaşdırır. Bu barədə NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) açıqlamasında deyilir.
“DANX olaraq apardığımız təhlillərə əsasən 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə nəqliyyat infrastrukturu və avtomobil nəqliyyatı ilə xidməti təmin edə biləcək maddi və texniki bazanın demək olar ki, məhv edilməsi aşkarlanıb. Məhv edilən nəqliyyat infrastrukturu və maddi-texniki bazanın dəyəri isə milyonlarla manat həcmində ölçülür”, - deyə məlumatda bildirilir.
22 avtonəqliyyat müəssisəsi (bu müəssisələrə məxsus qarajlar, idarə binaları, sexlər, qaraj avadanlıqları, qurğular), 10 avtovağzal və avtostansiya kompleksi, avtonəqliyyat müəssisələrinə aid Ağdamda 160, Laçında 70, Füzulidə 60, Cəbrayılda 15, Zəngilanda 40, Şuşada 90, Xocalıda 70, Qubadlıda 50, Xankəndidə 350, Kəlbəcərdə 70, Ağdərədə 30, Xocəvənddə 10 ədəd, ümumilikdə 1 015 ədəd nəqliyyat vasitəsi talan edilib, yararsız hala gətirilib.
“İşğaldan azad olunmuş Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarında nəqliyyat infrakstrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına olan tələbatın təmin edilməsi, beləliklə, avtomobil nəqliyyatı ilə göstəriləcək bütün xidmətlərin bərpa edilməsi əsas prioritetlərdəndir”, - deyə məlumatda qeyd olunur.
İşğaldan azad edilən şəhər və rayonlarda yük daşınması, avtobusla sərnişin daşınması və taksi minik avtomobilləri ilə sərnişin daşıma xidmətlərinin göstərilməsi məqsədilə avtomobillərə xidmət etmək üçün təmir sexləri, texniki qulluqların aparılması sahələri, yanacaqdoldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan Avtonəqliyyat təsərrüfatının təşkil edilməsi nəzərdə tutulub.
“Bu məqsədlə DANX təklif olunan avtomobil nəqliyyatına dair infrastruktur obyektlərinin nümunəvi tikinti-layihə sənədlərini hazırlayır. Nəzərdə tutulan işlər dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin tərkib hissəsi kimi reallaşdırılacaq”, - deyə məlumatda bildirilir.
İşğaldan azad olunan ərazilərdə əhalinin yenidən məskunlaşması üçün inşa ediləcək kənd və qəsəbələrə ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən, həmçinin ölkəmizin paytaxtı Bakı şəhərini və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və s.) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi nəzərdə tutulur.*
N.Abbasova