Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2021-2025-ci illəri əhatə edəcək Milli İxrac Strategiyasını yaxın vaxtlarda hökumətə təqdim edəcək. Bu barədə AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev məlumat verib.
"Hazırda biz milli ixrac strategiyası üzərində işləyirik. Təəssüf ki, koronavirus pandemiyası, eləcə də Vətən müharibəsi planları dəyişdi və biz bu istiqamətdə işi təxirə salmağa məcbur olduq. 2021-2025-ci illər üzrə strategiya tezliklə hökumətə təqdim olunacaq, sənəd sahibkarların iştirakı ilə müzakirəyə çıxarılacaq. Bu strategiyanın gələn ilin əvvəlində təsdiq olunacağı gözlənilir”, - deyə o, bu gün "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən onlayn "B2G Forum"da çıxışı zamanı bildirib.
Strategiya üç əsas prinsipdən ibarət olacaq: Azərbaycanda ixrac mədəniyyətinin yaradılması, xarici bazarların tələbatına uyğun məhsulların istehsalı, "Made in Azerbaijan" brendinin dünya bazarında yayılması.
"Bu strategiyada biz 7 əsas kateqoriya üzrə 118 məhsul ayırmışıq. Biz bu strategiyanı il ərzində Avropa İttifaqının və digər beynəlxalq təşkilatların ekspertləri ilə birgə hazırlamışıq", - deyə Abdullayev əlavə edib.*
X.Nəsirzadə