Bu gün xarici işlər naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Amanullah Ceyhunun etimadnaməsinin surətini qəbul edib.
“C.Bayramov Azərbaycan və Əfqanıstan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edib. Uzun illər ərzində Azərbaycanın və ümumilikdə bölgənin təhlükəsizliyinə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Əfqanıstanın Azərbaycanın haqq mövqeyinə dəstək verdiyi, xüsusilə də son hərbi əməliyyatlar zamanı bu dəstəyin açıq şəkildə nümayiş etdirildiyi minnətdarlıqla vurğulanıb. Nazir, ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Səfir Amanullah Qələbə münasibətilə xarici işlər nazirini və Azərbaycan xalqını təbrik edib. O, Əfqanıstanın hər zaman Azərbaycanın haqlı mövqeyinin yanında olduğunu və bu dəstəyi bariz şəkildə nümayiş etdirdiyini vurğulayıb.
Tərəflər beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.*
B.Rüstəmbəyov