Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə tapşırılıb ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.
Öz növbəsində, Nazirlər Kabineti üç ay müddətində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Sərəncamın mətni cümə axşamı dövlət başçısının saytında dərc olunub.
Xəbər verildiyi kimi, Müdafiə Nazirliyindən məlumat verilir ki, sentyabrın 27-dən Dağlıq Qarabağ müharibəsi zonasında Azərbaycanın 2783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbi qulluqçu itkin düşmüş hesab olunur. **
X.Nəsirzadə