Azərbaycanın kommersiya bankları Azərbaycan Mərkəzi Bankının (AMB) təşəbbüsü ilə birgə bankomat şəbəkəsini istifadəyə verib. Bu barədə “İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilib.
“Bu, ödəniş xidmətləri üzrə operatorlar və ödəniş xidməti təchizatçıları tərəfindən daha əlverişli tarif siyasətlərinin tətbiq edilməsi, habelə istehlakçılar və təsərrüfat subyektləri üçün ödəniş xidməti haqlarının optimallaşdırılması məqsədi daşıyır. "Birgə bankomat şəbəkəsi" Mərkəzi Bank tərəfindən operatorluğu həyata keçirilən Banklararası Kart Mərkəzinin imkanlarından istifadə edilərək yaradılıb”, - AMB-dən qeyd olunur.
İlkin mərhələdə 11 bank - "AccessBank", "AFB Bank", "Azər-Türk Bank", "Bank of Baku", "Expressbank", "Günay Bank", "TuranBank", "Unibank", "Yelo Bank", "Yapı Kredi Bank Azərbaycan", "Ziraat Bank Azərbaycan" və "Azərpoçt" MMC şəbəkəyə qoşulub.
“Banklar mövcud bankomat şəbəkələrindən birgə istifadə ilə bağlı kollektiv saziş imzalayıb. Nəticədə, sözügedən bankların müştəriləri 500 bankomatdan ibarət "birgə bankomat şəbəkəsi"ndən daha əlverişli şərtlərlə istifadə edə biləcəklər. Yaradılmış “birgə bankomat şəbəkəsi” müştərilərə daha əlverişli maliyyə xidmətlərinin təqdim edilməsi məqsədilə bankların bankomat şəbəkəsinə çəkdiyi xərclərin optimallaşdırılmasına imkan verəcək”, - AMB-dən məlumat verilir.
Ə.Məmmədov