Azərbaycan prezidenti İlham Əliyev bütün ölkələrin COVİD-19 koronavirusdan vaksinə maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayıb.
“Qoşulmama Hərəkatı bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayır. COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcəkdir. Biz bu prosesdə ÜST-nin əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq”, - Əliyev BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında çıxışı zamanı bildirib.
Əliyev vurğulayıb ki, Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir.
“Biz pandemiyaya qarşı qlobal mübarizədə BMT-nin fəaliyyətinə rəhbərlik edən, onun əməliyyatlarının davamlılığını təmin edən Baş katibin güclü liderliyini təqdir edirik. Hərəkat COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla mübarizədə beynəlxalq ictimaiyyət tərəfindən təsirli tədbirlərin görülməsi üçün təlimatların verilməsi, təlimlərin və avadanlıq, konkret xilasetmə xidmətlərin təşkili sahəsində Ümumdünya Səhiyyə Təşkilatının və onun rəhbərliyinin mühüm rolunu tam şəkildə dəstəkləyir”, - Azərbaycan prezidenti bəyan edib.
Prezident bildirib ki, pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurub.
“Pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirmiş, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırmışdır”, - Əliyev qeyd edib. **
Ə.Məmmədov