Fransanın Azərbaycandakı səfiri Zakari Qross bəyan edib ki, Paris Dağlıq Qarabağın müstəqilliyini tanımır.
“Bir şey hamıya çox aydın olmalıdır. Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır, lakin Qarabağın müstəqilliyini tanımır”, – deyə o, “Twitter” hesabında bildirib.
Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsi ilə əlaqədar Fransanın Azərbaycandakı səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılacaq və Azərbaycan tərəfinin qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılacaq.
“Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsi Fransa parlamentinin növbəti tamamilə əsassız, qeyri-dost və təxribatçı fəaliyyətidir”, - deyə açıqlamada bildirilir.
“Bu qətnamənin hüquqi qüvvəsi yoxdur. Lakin Senatın halında olduğu kimi, Milli Assambleyanın sənədinin siyasi mənasını nəzərə alaraq, bu kökündən yanlış qətnamələrin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələri, eləcə də Azərbaycan ilə Fransa arasında mövcud olan ikitərəfli sənədlər ilə ziddiyyət təşkil etdiyini vurğulamaq istərdik”, - deyə açıqlamada vurğulanır.
XİN qeyd edir ki, Fransa qanunverici orqanının bu addımı ölkənin vasitəçi mandatına ciddi zərbə vurur, eləcə də ikitərəfli münasibətlərə kölgə salır.*
Ə.Məmmədov