Dağlıq Qarabağın kimə məxsus olması BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən olunub, Rusiya bununla bağlı mövqeyini dəyişməyib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu ərazinin kimə məxsus olması BMT Təhlükəsizlik Şurasının kifayət qədər çoxdankı müvafiq qətnamələri ilə müəyyən olunub”, - deyə o, jurnalistlərə açıqlamasında bildirib.
“Bütün bunlar Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib. Rusiya bununla bağlı mövqeyini dəyişməyib. Ümumiyyətlə, heç bir ölkə mövqeyini dəyişməyib. Prezident Putin hətta Ermənistanın özünün belə Dağlıq Qarabağı tanımadığını deyib”, - deyə Peskov qeyd edib.
O, Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinin kiminlə razılaşdırılması məsələsi ilə bağlı belə deyib: "Orada rəhbər yoxdur, iki münaqişə tərəfi var – Ermənistan və Azərbaycan. Onlar Rusiya tərəfi ilə birgə məlum bəyanatı imzalayıblar və onun müddəalarının yerinə yetirilməsi üçün rusiyalı hərbçilər, eləcə də Rusiya humanitar missiyası öz fəaliyyətini həm azərbaycanlılarla, həm də ermənilərlə əlaqələndirir.*