İcbari Sığorta Bürosu (İSB) müflis elan edilmiş “Standart Insurance” sığorta şirkəti üzrə kompensasiya ödənişlərini davam etdirir. Bu barədə İSB-nin məlumatında deyilir.
“Sentyabrın 14-dən Büro tərəfindən 3,4 min nəfərə kompensasiya ödənişi həyata keçirilib. Ödənişlərin toplam məbləği təqribən 3,33 milyon manat təşkil edib”, - deyə məlumatda bildirilir.
Son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə birlikdə təqribən 4 min hadisə üzrə ödənişin həyata keçirilməsi gözlənilir.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2020-ci il mayın 19-da kapital və ödəmə qabiliyyəti ilə bağlı problemlərlə üzləşmiş “Standard Insurance” sığorta şirkətinin lisenziyasının ləğv edilməsinə dair qərar qəbul edib.
“Standard Insurance” sığorta şirkəti Azərbaycanın sığorta bazarında 2002-ci ilin oktyabr ayından fəaliyyət göstərib. Şirkət icbari və könüllü sığortanın 28 növü üzrə xidmətlər təqdim edirdi.*
Ə.Məmmədov