Dekabrın 4-də xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Gennadi Axramoviçi diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənməlumat verilib.
“Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirib, ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. İki ölkə xalqlarını bağlayan tarixi və dostluq əlaqələrinə toxunan nazir Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib”, - deyə məlumatda bildirilir.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.*
X.Nəsirzadə