Avropa Komissiyası (AK) Transadriatik qaz kəmərinin (TAP) fəaliyyətə başlamasını alqışlayır. Bunu AK-nın rəsmi nümayəndəsi Tim Makfi deyib.
"Bu qaz kəməri rəqabəti gücləndirəcək. O, ilk növbədə, Yunanıstan, Bolqarıstan və Avropa İttifaqının cənub-şərqinin qaz təchizatını şaxələndirəcək", - deyə o, bu gün Brüsseldə keçirilən brifinqdə bildirib.
T.Makfinin sözlərinə görə, bu, Avropa İttifaqı üçün çox yaxşı xəbərdir.
Daha əvvəl Energetika Nazirliyinin yaydığı məlumata görə, 2020-ci ilin sonunda Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanacaq.
“Layihə kommersiya fəaliyyəti üçün hazırdır, cari ilin sonunda Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanacaq”, – deyə məlumatda bildirilir.
“TAP AG” konsorsiumu 2020-ci il oktyabr ayının 13-də qaz kəmərinin tikintisinin başa çatdığını elan edib. TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
Qaz kəmərinin ötürmə qabiliyyəti onun gücünü ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Layihənin dəyəri 4,5 milyard avrodur. Səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.*