Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarından sonra Paris vasitəçi kimi etibarlılığını itirib.
“Fransa vasitəçi kimi etibarlılığını itirib”, - deyə o, bu gün jurnalistlərə bildirib.
R.T.Ərdoğan qeyd edib ki, Prezident İlham Əliyevin Parisin bu addımları ilə bağlı daha əvvəl verdiyi bəyanatları dəstəkləyir.
“Prezident İlham Əliyevin fransızlara bir tövsiyəsi var idi. Dedi ki, erməniləri bu qədər sevirlərsə, Marseli onlara versinlər. Mən də bu təklifi dəstəkləyirəm. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. ABŞ da, Rusiya da işğal faktını tanıyıb. Fransa da tanıyırdı, indi isə başqa yolu tutur”, - deyə Türkiyə Prezidenti əlavə edib.
O, prezident Emmanuel Makronun Fransanın başına bəla olduğunu deyib.
“Makronla Fransa əslində çox təhlükəli dövr yaşayır. Onlar Makron bəlasından tez bir zamanda qurtulmalıdırlar”, - deyə Ərdoğan vurğulayıb.
O, həmçinin bildirib ki, həyat yoldaşı ilə birgə Vətən müharibəsində Qələbə münasibətilə Bakıda keçiriləcək tədbirlərə qatılacaq.*