Dekabrın 4-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.
“Görüşdə səfirə dekabrın 3-də Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib”, - deyə XİN-in məlumatında bildirilir.
Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin rəsmi Parisin diqqətinə çatdırılacağını bildirib.
Daha əvvəl XİN-in verdiyi açıqlamada bildirilib ki, Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsi Fransa parlamentinin növbəti tamamilə əsassız, qeyri-dost və təxribatçı fəaliyyətidir. “Bu kökündən yanlış qətnamələrin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələri, eləcə də Azərbaycan ilə Fransa arasında mövcud olan ikitərəfli sənədlər ilə ziddiyyət təşkil etdiyini vurğulamaq istərdik”, - deyə açıqlamada vurğulanıb.
XİN qeyd edib ki, Fransa qanunverici orqanının bu addımı ölkənin vasitəçi mandatına ciddi zərbə vurur, eləcə də ikitərəfli münasibətlərə kölgə salır.*
A.Əzizov