Ermənistan ilə Azərbaycan arasında hərbi əsirlərin dəyişdirilməsi prosesi "hamının hamıya" prinsipi əsasında həyata keçirilməlidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Mübadilə prosesi "hamının hamıya" prinsipi ilə həyata keçirilməlidir. Söhbət həm Qarabağ müharibəsi zamanı, həm də müharibədən əvvəl əsir düşmüş şəxslərdən getməlidir. Hamı qaytarılmalıdır. Mexanizmlər yaratmaq lazımdır ki, gələcəkdə yeni adlar məlum olarsa, onların mübadiləsində heç bir problem olmasın", - deyə Paşinyan Facebook səhifəsində canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, itkin düşmüş şəxslərin axtarışı istiqamətində iş aparılır.
"Proses ləng də olsa, gedir. Azərbaycan ərazisində axtarış aparılır, aşkarlanmış cəsədlərin Ermənistanda identifikasiyası prosesi gedir. Noyabrın 9-dan sonra biz 600-dən çox cəsəd çıxara bilmişik, 500-dən çox cəsədin isə Ermənistanda identifikasiya prosesi gedir. Çox güman ki, bunlar itkin düşmüş şəxlərin cəsədləridir. Noyabrın 9-dan sonra 135 cəsəd identifikasiya edilərək doğmalarına təhvil verilib", - deyə Paşinyan qeyd edib.
O əlavə edib ki, cəsədlərin böyük hissəsinin identifikasiyasından sonra ölkədə matəm günü elan ediləcək.*