33 mindən çox erməni rusiyalı sülhməramlıların köməyi ilə Dağlıq Qarabağa qayıdıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Sutka ərzində daha 1 318 nəfər, sülhməramlı əməliyyatın həyata keçirildiyi müddət ərzində isə 33 235 nəfər əvvəlki yaşayış yerlərinə qayıdıb.
Məlumata görə, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində vəziyyətin fasiləsiz monitorinqini aparır. Bütün təmas xəttində atəşkəs rejiminə riayət olunur.
Bundan başqa, rusiyalı sülhməramlılar Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi əməliyyatını davam etdirirlər - artıq 61 hektardan çox ərazi təmizlənib.
Sülhməramlıların köməyi ilə həlak olanların meyitlərinin axtarışı və təhvil verilməsi həyata keçirilir.
“İtkin düşmüş münaqişə iştirakçıları haqqında məlumatların toplanması üçün "Qaynar xətt" yaradılıb və artıq 248 müraciət daxil olub. İtkin düşmüş hərbçilər haqqında məlumatların dəqiqləşdirilməsi üçün RF sülhməramlı qüvvələrinin zabitləri vətəndaşlarla 1936 görüş keçiriblər", - deyə məlumatda qeyd olunur.*