Dekabrın 23-də 2020-ci ilin yekunlarına və Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin investisiya potensialına həsr olunacaq 10-cu Beynəlxalq "Caspian Energy Investment Forum Baku" tədbiri keçiriləcək. Bu barədə "Caspian Energy Club"dan məlumat verilir.
“Onlayn formatda təşkil olunacaq forumda 2020-ci ilin iqtisadi yekunları, həmçinin (koronavirus- İF) pandemiyanın iqtisadiyyatın müxtəlif sahələrinə təsiri müzakirə olunacaq. Ekspertlər pandemiyanın mənfi təsirlərinin azaldılması istiqamətində Azərbaycanda və region ölkələrində tətbiq olunan təcrübə ilə bölüşəcək, növbəti ildə iqtisadi proseslərin əsas və alternativ inkişaf yollarını müzakirə edəcəklər”, - məlumatda deyilir.
Təşkilatçıların bəyanatına görə, müzakirələr zamanı əsas diqqət Azərbaycanın işğaldan azad olunmuş rayonlarının bərpasına və inkişafına yönəldiləcək.
Məlumata əsasən, forumda dünyanın 50 ölkəsindən 1,5 mindən artıq nümayəndə iştirak edəcək. Onların sırasında dövlət qurumlarının rəhbərləri, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçıları, həmçinin Azərbaycanda akkreditasiyadan keçən diplomatik və beynəlxalq missiya nümayəndələri də var. **
X.Nəsirzadə