RF prezidenti Vladimir Putin və Almaniyanın kansleri Angela Merkel arasında telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub. Bu barədə bazar ertəsi Kremlin mətbuat xidməti məlumat verib.
“Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olunub. Putin hərbi əməliyyatlara son qoyulması üçün Rusiyanın vasitəçilik səyləri, həmçinin təmas xətti və Laçın dəhlizi boyunca Bakı və İrəvanın razılığı ilə yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə məlumat verib. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 9 noyabr tarixli bəyanatında təsbit olunmuş bəndlərin ardıcıl şəkildə həyata keçirilməsinin regiondakı vəziyyətin sabitləşməsinə töhfə verdiyi vurğulanıb», - məlumatda qeyd olunur.
Kremldən məlumat verilir ki, “hərbi əməliyyatların təsirindən əziyyət çəkmiş əhalinin problemlərinin təcili həll edilməsinin vacibliyi vurğulanıb”. “Bununla əlaqədar Rusiyanın yaratdığı Humanitar reaksiya Mərkəzinin fəaliyyətinə ixtisaslaşmış beynəlxalq strukturların cəlb edilməsinin vacibliyini qeyd olunub”, - məlumatda qeyd olunur.
“ATƏT-in Minsk qrupu çərçivəsində gələcək əməkdaşlığa dair qarşılıqlı hazırlıq ifadə olunub”, - mətbuat xidmətindən məlumat verilir. **