“SOCAR Energy Switzerland” şirkəti (SOCAR-ın İsveçrədəki törəməsi) İsveçrədə yanacaqdoldurma məntəqələrinin sayını 200-ə çatdırıb. Bu barədə SOCAR-dan məlumat verilir.
“Şirkət sevinclə xəbər verir ki, “SOCAR Energy Switzerland” bu həftə İsveçrədə 200-cü yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib. “SOCAR Stalvedro” istifadəyə verilən sayca 198-ci, “SOCAR Meiringen” 199-cu və “SOCAR Innertkirchen” isə 200-cü yanacaqdoldurma məntəqəsi olub”, - şirkətin məlumatında deyilir.
SOCAR İsveçrədə SOCAR brendi altnda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmaqla neft məhsullarının pərakəndə ticarəti sahəsində fəaliyyət göstərir.
SOCAR-ın “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmlərini əldə etməsinə dair saziş 2011-ci il noyabrın 16-da Sürixdə imzalanıb. “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmləri SOCAR-a $330 mln.-a başa gəlib.
Sazişə əsasən, “Esso Switzerland”ın alınması ilə həmin şirkətə məxsus 160-dan artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu (bu qurum bütün İsveçrə ərazisində kommunal-məişət təyinatlı yanacaq həcmlərinin və balon qazının müstəqil distribüterlərə satışını həyata keçirir), Vangen-Oltendəki Qazdoldurma zavodu, eyni zamanda İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri SOCAR-ın sərəncamına keçir.
Bundan başqa, “SOCAR Trading” ticarət şirkətinin mənzil-qərargahı Sürixdə yerləşir.**
N.Abbasova