Bakı Metropoliteninin bənövşəyi xəttin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı veriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
“Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib. Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib. Qərara əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılıb”, - Nazirlər Kabinetindən məlumat verilir.
Öncə məlumat verilib ki, “Bakı Metropoliteni” QSC 2020-ci ilin sonuna qədər bənövşəyi xəttin yeni stansiyasını istifadəyə verməyi planlaşdırır.
Stansiyanın uzunluğu 166,98 metr təşkil edəcək ki, bu da 7 vaqonlu qatarları qəbul etməyə imkan verəcək. Stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq. Bu məqsədlə В-03 stansiyasının inşaat işlərinə paralel olaraq, 193,1 metr uzunluqda keçid də tikilir.
Stansiya 3 səviyyəli olacaq. Stansiyada çıxışlarla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə yerdəyişməsi 17 eskalatorla həyata keçiriləcək. Həm də burada fiziki imkanları məhdud sərnişinlər üçün liftlər quraşdırılacaq.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfəri ötür.**
N.Abbasova