Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Rosselxoznadzor”un dekabrın 10-dan Azərbaycandan pomidor və almanın Rusiyaya ixracına qadağa qoyulması ilə əlaqədar qərarın öyrənilməsinə başlayıb, bu problemin həllinə ümid edir.
“Bu məsələni araşdırmağa başlamışıq. Problemin tezliklə həlli məqsədilə Rusya tərəfi ilə işləyəcəyik”, - “İnterfaks-Azərbaycan”a bazardakı mənbə bildirib.
Hazırda Rusiya Azərbaycandan alma və pomidor ixracı üzrə əsas bazardır.
Xüsusilə, Azərbaycan 2020-ci ilin yanvar-sentyabr aylarında $167 milyon 802,36 min dəyərində 154,98 min ton pomidor ixrac edib. Yanvar-sentyabr aylarında Rusiyaya $166 milyon 600,8 min dəyərində 152,212 min ton pomidor (bütün ixracın 98,2%-i – İF) ixrac olunub. 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 14,8%, dəyər ifadəsində 17,7% artıb.
Azərbaycan yanvar-sentyabr aylarında $15 milyon 796,65 min dəyərində 37,613 min ton alma ixrac edib. Yanvar-sentyabr aylarında RF-yə $14 milyon 748,8 min dəyərində (azalma 28,8%) 34,955 min ton təzə alma (azalma 31,2%) ixrac edilib. Ümumilikdə, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan alma ixracının 93,4%-i Rusiyanın payına düşüb.
Xəbər verildiyi kimi, dekabrın 10-dan Rosselxoznadzor Azərbaycandan pomidor və almanın Rusiyaya ixracına qadağa qoyub.
Məlumatda deyilir ki, qərar fitosanitar vəziyyətin qorunması, RF ərazisində zərərvericilərin gətirilməsi və yayılmasının qarşısını almaq məqsədi daşıyır. **
R.Əhmədov