Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə başlayıb, ilk müqavilələr bağlanıb. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Biz yenidənqurma işləri ilə bağlı ilk addımlar atmışıq. İlk müqavilələr artıq bağlanıb və dediyim kimi, biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq”, - Əliyev çərşənbə günü İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonu qəbul edərkən bildirib.
Prezident qeyd edib ki, ilk müqavilələr türk şirkətləri ilə bağlanılıb. “Bu da təbiidir, çünki Türkiyə qardaş ölkədir. Ümidvaram ki, növbəti müqavilələr italyan şirkətləri ilə imzalanacaq. Bu da təbiidir. Çünki İtaliya Azərbaycanın yaxın dostudur”, - dövlət başçısı bəyan edib.
“Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə və xüsusilə də müharibə zamanı biz sizin mövqeyinizin şahidi olduq. Ölkənizin parlament nümayəndələrinin müharibənin başa çatmasından bir aydan az vaxt keçməmiş Azərbaycana səfəri bizim güclü dostluq münasibətlərimizi nümayiş etdirir. Biz bu həmrəylik və dəstək jestini yüksək qiymətləndiririk”, - prezident deyib.
Əliyev vurğulayıb ki, İtaliyanın nümayəndə heyəti Avropa İttifaqı məkanından olan və müharibədən sonra Azərbaycana gələn ilk qonaqlar idi.
“Əminəm ki, bu dostluq jestinin praktiki təzahürü olacaq, çünki bu gün biz təkcə enerji sektoru deyil, həmçinin qeyri-enerji sektoru haqqında danışırıq. Azad edilmiş torpaqlarda böyük potensial kənd təsərrüfatı, turizm, bərpa olunan enerji mənbələri ilə bağlıdır. Artıq söylədiyim kimi, böyük infrastruktur layihələri də olacaq. İndi biz həmin ərazilərin bərpa və yenidənqurma planlarını hazırlayırıq. Əminəm ki, biz çox uğurla işləyəcəyik”, - dövlət başçısı bildirib. **
B.Rüstəmbəyov