Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehranda İran prezidenti Həsən Ruhani ilə görüş zamanı birgə layihələrin reallaşdırılması məsələlərini müzakirə edib. Bu barədə XİN-dən məlumat verilir.
“Görüş zamanı Ruhani Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını məmnunluqla qeyd edib. İranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulanıb. Azərbaycanın ərazilərinin işğaldan azad olunması və sərhədin bərpa olunmasının ölkələrimiz arasında əməkdaşlıq layihələri üçün yeni imkanlar açdığı qeyd olunub. Azərbaycan və İran arasındakı sərhəd dostluq və iqtisadi inkişaf sərhədi adlandırılıb”, - məlumatda qeyd olunur.
Eyni zamanda, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
“Bayramov və Ruhani beynəlxalq əhəmiyyətli iqtisadi layihə olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunun inşasının sürətləndirilməsinin zəruriliyini vurğulayıblar”, - XİN-dən bildirilir. **
X.Nəsirzadə