Azərbaycandakı bütün hava limanları 31 yanvar 2021-ci il tarixinə qədər müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır. Bu barədə “İnterfaks-Azərbaycan”a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilir.
“Bütün hava limanları 31 yanvar 2021-ci il tarixinə qədər müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır. Karantin dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərinin yerinə yetirilməsi davam etdirilir”, - AZAL-dan qeyd olunur.
Xəbər verildiyi kimi, Azərbaycanda COVİD-19 koronavirus pandemiyasına görə mürəkkəb sanitar-epidemioloji vəziyyətlə əlaqədar ölkədə 31 yanvar 2021-ci il tarixinədək xüsusi karantin rejimi qüvvədədir. Həmçinin, ölkənin bütün quru və hava sərhədləri giriş-çıxış üçün bağlıdır.
Hazırda Azərbaycanda müxtəlif regionlarda 6 beynəlxalq aeroport fəaliyyət göstərir.
2019-cu ildə Azərbaycanın beynəlxalq aeroportları ümumilikdə 5,56 milyon sərnişinə xidmət göstərib. **
N.Abbasova