1 noyabr 2020-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 704,5 manat ($414,4) təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 oktyabr 2020-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 706,6 manat ($415,6), 1 sentyabr tarixinə 710,2 manat ($417,8) təşkil edib.
2020-ci il noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 685,3 min nəfər (oktyabrın 1-nə 1 milyon 681,6 min nəfər) olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 min nəfər və ya 2,7% çoxdur. Onlardan 914,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 770,4 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,5%-i təhsil, 18,2%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,2%-i tikinti, 8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13,2%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.**
B.Rüstəmbəyov