Azərbaycan prezidenti İlham Əliyev yeni avtomobil yolu yolu çəkildikdən sonra türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanı Şuşaya dəvət edib.
“Biz razılaşdıq ki, Türkiyə şirkətlərinin də Şuşa şəhərinə inşa edəcəyi yeni avtomobil yolu çəkildikdən sonra Türkiyə prezidenti ilə birlikdə Şuşaya gedəcəyik”, - Əliyev cümə axşamı Bakıda prezident Ərdoğanla birgə bəyanatla çıxışında bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlahm Əliyev noyabrın 17-də Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılacaq (cari məzənnə ilə $29,4 milyon – İF).
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Bundan başqa, prezident İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə göstərilən avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmağı tapşırıb.
Noyabrın 8-də prezident İlham Əliyev Şuşa şəhərinin erməni işğalından azad edilməsi barədə elan edib. **
B.Rüstəmbəyov