Azərbaycan prezidenti İlham Əliyev bütün bölgə ölkələrinin iştirakı ilə vahid əməkdaşlıq platforması yaratmağı təklif edib.
“Bu gün Azərbaycan-Türkiyə birliyi təkcə xalqlarımız üçün deyil, həm də bölgə və bütövlükdə dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim siyasətimiz əməkdaşlığa və ölkələr arasında işbirliyinə hesablanıb”, - Əliyev cümə axşamı Bakıda Türkiyə prezidenti ilə danışıqların yekunlarına dair bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
O, həmçinin bildirib ki, regionun bütün ölkələri vahid platforma çərçivəsində əməkdaşlığın inkişafı məqsədilə birləşə bilər.
“Biz Zəfərdən sonrakı dövrə tam hazırıq. Qardaşımla, prezident Rəcəb Tayyip Ərdoğanla bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq və bizim fikirlərimiz üst-üstə düşür.Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi (bununla əlaqədar - İF). Bu, çoxtərəfli platforma ola bilər. Bu əməkdaşlıq formatında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər”, - Əliyev qeyd edib.
O dəqiqləşdirib ki, hazırda ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan, həmçinin, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran formatında əməkdaşlıq var.
Bütün bu platformaları biz vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz iddialarından, əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq, müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq və ədavətə son qoymalıyıq”, - Əliyev deyib. **
N.Abbasova