Dekabrın 10-da təkbətək görüş başa çatandan sonra prezident İlham Əliyevin və prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan prezidentinin saytı məlumat verir ki, Azərbaycan və Türkiyənin aidiyyəti strukturları arasında 5 sənəd imzalanıb.
Beləliklə, aşağıdakı sənədlər imzalanıb: Bakı Nəqliyyat Agentliyi ilə “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında Anlaşma Protokolu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “BMC.AZ” şirkəti arasında Anlaşma Protokolu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokolu.
Bundan başqa, dekabrın 10-da Bakıda keçirilən Qələbə paradı münasibətilə hazırlanan “Zəfər paradı” adlı poçt markası və “Birinci gün” zərfləri dövriyyəyə buraxılacaq. **
X.Nəsirzadə