Milli Məclisin cümə günü keçirilən iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna təklif edilən dəyişiklik birinci oxunuşda qəbul olunub. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir.
Dəyişikliyə əsasən, Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 4 ay – 2021-ci il aprelin 5-dək uzadılır.
Azərbaycanda əmanətlərin tam sığortalanması sistemi 2016-cı il martın 1-də 3 il müddətinə tətbiq edilmişdi. 2019-cu ildə bu sistemin qüvvədə olma müddəti daha 1 il – 2020-ci il martın 4-dək uzadılıb.
2016-cı il martın 1-dən 2020-ci il dekabrın 4-dək sığorta sistemi əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir. Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz ADİF tərəfindən müəyyən edilmiş limiti keçməməlidir. Fondun qərarına müvafiq olaraq 2020-ci il iyunun 1-dən etibarən əhalinin milli valyutada illik faiz dərəcəsi 12%-dən, xarici valyutada isə 2,5%-dən çox olan əmanətləri sığortalanmayacaq.
Bundan əlavə, parıament “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri birinci oxunuşda qəbul edib.
Düzəlişlərə əsasən, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılır.
Bundan başqa, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə sığortalanır.
Bundan əlavə, notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanacaq.
2020-ci ilin yanvar-oktyabr aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 8,9% - 7 milyard 870,3 milyon manatadək azalıb.
31 oktyabr 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 588,5 milyon manat, qeyri-rezidentlərin – 281,8 milyon manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 7,5%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 35,1% azalıb. **
Ə.Məmmədov