2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 35 milyard 46,3 milyon manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 18 milyard 851,8 milyon manat (2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 3,1%), qeyri-ərzaq mallarının alınmasına 16 milyard 194,5 milyon manat (azalma 6%) sərf olunub.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 48,7%-i ərzaq məhsullarının, 5,1%-i içki və tütün məmulatlarının, 16,4%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,6%-i elektrik malları və mebellərin, 5,3%-i avtomobil yanacağının, 1,8%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Yanvar-noyabr aylarında istehlak mallarının 23,2%-i ticarət müəssisələri, 53,4%-i fərdi sahibkarlar tərəfindən, 23,4%-i bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi müəssisələr üçün real ifadədə 7,7% artıb, fərdi sahibkarlar üçün 4,3%, bazar və yarmarkalarda 18,5% azalıb.
Cari ilin yanvar-noyabr aylarında ticarət şəbəkəsində bir ölkə sakini 171,8 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.**
N.Abbasova