Azərbaycan prezidenti İlham Əliyev Ankaranın S-400 hava hücumundan müdafiə sistemlərini almasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir.Bu barədə Azərbaycan liderinin köməkçisi Hikmət Hacıyevbəyan edib.
“Prezident Əliyev S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir. NATO-ya üzv bəzi ölkələr tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edildiyi halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması ədalətsizlikdir”, - Hacıyev mətbuat üçün yayılan bəyanatda bildirib.
Onun sözlərinə görə, prezident Əliyev bu halı “ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirir”.
“Prezident Əliyev əminliyini bildirib ki, bu sanksiyalar Türkiyənin öz müdafiə qabiliyyətini gücləndirmək istiqamətində atdığı addımlara maneə yaratmayacaq. Türkiyənin bu məsələnin müvafiq işçi qrupu çərçivəsində obyektiv və siyasi baxımdan qərəzsiz şəkildə müzakirə edilməsi barədə təkliflərinə adekvat cavab verilməyib. Azərbaycan Türkiyəni, Türkiyə isə Azərbaycanı dəstəkləyir və ölkələrimiz daim bir-birinin yanındadır”, - Hacıyevin şərhlərində vurğulanır.
Həmçinin, Azərbaycan XİN ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli sanksiyaların tətbiqini qınayıb. “S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqi qərarını qınayır və Türkiyəyə qarşı atılan bu addımı ikili standartların tətbiq edilməsi kimi qiymətləndiririk. Türkiyə tərəfinin bu məsələni dialoq və diplomatiya yolu ilə həll edilməsi təklifinə müttəfiq ölkə olan ABŞ tərəfindən qarşılıq verilməməsi təəssüf doğurur”, - XİN-in şərhində deyilir.
“Türkiyənin milli təhlükəsizliyini ehtiva edən bu məsələnin dialoq vasitəsilə tezliklə həlli üçün müvafiq təxirəsalınmaz addımların atılmasına çağırırıq”, - XİN-in bəyanatında qeyd olunur. **
A.Əzizov