2020-ci ilin 9 ayı ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri $208,3 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $4 milyard 3 milyon təşkil edib.
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM $30 milyard 631,8 milyon təşkil edib. Beləliklə, cari əməliyyatlar hesabının kəsiri ÜDM-nin 0,7%-ni təşkil edib.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, cari ilin 9 ayı ərzində neft-qaz sektoru üzrə profisit $4 milyard (azalma 2,3 dəfə), qeyri-neft sektoru üzrə kəsir $4,2 milyard (azalma 19,1%) təşkil edib.
2020-ci ilin yanvar-sentyabr aylarında bir barel neftin orta qiyməti $41,6 (2019-cu ilin müvafiq dövründə $64,2) təşkil edib.
2020-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsinin həcmi $17,2 milyard təşkil edib və Azərbaycan xarici ticarətdə $2,4 milyard (azalma 2,9 dəfə) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 16%-i MDB, 84%-i uzaq xarici ölkələrin payına düşüb.
$9,8 milyard həcmində ixracın (azalma 35%) strukturunda neft-qaz ixracı $8,5 milyard (azalma 37,5%), bilavasitə neft və neft məhsullarının ixrac həcmi $6,8 milyard, o cümlədən neft ixracı $6,5 milyard təşkil edib.
$7,4 milyard həcmində idxalın (azalma 8,7%) strukturunda $3,2 milyard istehlak mallarının, o cümlədən $1,1 milyard ərzaq mallarının payına düşüb. Yanvar-sentyabr aylarında ölkəyə $0,6 milyard dəyərində (bütün idxalın 7,6%-i) avadanlıq və xüsusi mallar idxal edilib.
Hökumətin proqnozlarına görə, 2020-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri $1 milyard 539,6 milyon və ya ÜDM-nin 3,7%-ni təşkil edəcək.
2019-cu ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $4 milyard 364,9 milyon təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 27,9% azdır.**
Ə.Məmmədov