2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ABŞ iqtisadiyyatına birbaşa investisiyaları $168,883 milyon təşkil edib ki, bu da ötən ilin 9 ayının göstəricisindən 4,5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə ABŞ Azərbaycan investisiyalarının yönəldildiyi ölkələr arasında birinci yeri tutub. 9 ay ərzində Azərbaycanın birbaşa xarici investisiyalarının ümumi həcminin 19,3%-i ABŞ-ın payına düşüb.
İnvestisiyaların həcminə görə ikinci yerdə Türkiyə gəlir. Yanvar-sentyabr aylarında Azərbaycan investisiyalarının 12,2%-i - $107,167 milyon (azalma 86,2% dəfə) bu ölkəyə yönəldilib.
Üçüncü yerdə Monteneqro ($98,94 milyon – azalma 38,6%) qərarlaşıb.
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan investisiyalarının yönəldildiyi ölkələrin onluğuna Böyük Britaniya ($92,116 milyon), Bəhreyn ($44,955 milyon), Malta ($68,009 milyon), Rusiya ($90,632 milyon), Avstriya ($85,368 milyon), İsveçrə ($34,6 milyon) və Gürcüstan ($28,772 milyon) daxil olub.
Bütövlükdə, 2020-ci ilin 9 ayı ərzində Azərbaycandan xaricə birbaşa investisiyalar $876,558 milyon (azalma 51%) təşkil edib. Bu azalma hesabat dövründə Türkiyə, Almaniya və bir sıra ölkələrin iqtisadiyyatına birbaşa investisiyaların azalması ilə izah olunur.
Bu dövrdə ən çox birbaşa investisiya qoyuluşları - $1 milyard 245,75 milyon (artım 46,5%) və ya ümumi həcmin 36,7%-i Böyük Britaniya şirkətləri tərəfindən həyata keçirilib.
İkinci yerdə Türkiyə ($413,221 - azalma 4,6%, ümumi həcmin 12,2%-i), üçüncü yerdə ABŞ ($379,386 milyon - artım 45,3%, ümumi investisiyaların 11,2%-i) qərarlaşıb.
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına yatırım etmiş investorların ilk onluğuna Yaponiya ($271,245 milyon), Rusiya ($149,192 milyon), Malayziya ($210,321 milyon), Kipr ($157,506 milyon), Norveç ($154,083 milyon), İran ($135,221 milyon) və Niderland ($52,363 milyon) da daxil olub.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana birbaşa xarici investisiyalar $3 milyard 309,529 milyon (artım 27%) təşkil edib.**
Ə.Məmmədov