2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 78,4 milyon manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 22 milyard 241,1 milyon manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 5,2%), xərcləri 22 milyard 162,7 milyon manat (artım 9,9%) təşkil edib.
Yanvar-noyabr aylarında Azərbaycan üzrə ÜDM-in nominal həcmi 64 milyard 709,3 milyon manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinin profisiti ÜDM-in 0,1%-ni təşkil edib.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 124 milyon manat, xərcləri üzrə proqnoz 27 milyard 492,2 milyon manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 3 milyard 368,2 milyon manat və ya ÜDM-in 4,9%-i səviyyəsində proqnozlaşdırılır.*
N.Abbasova