2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 7 milyard 966,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 4 milyard 29,9 milyon manat məbləğində heyvandarlıq, 3 milyard 936,2 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,9%, bitkiçilik məhsullarının istehsal həcmi 1% artıb.
Cari ilin 11 ayı ərzində respublikada 491,4 min ton ət (artım 3,1%), 1 milyon 971,1 min ton süd (artım 1,7%), 1 milyon 748,3 min ədəd yumurta (artım 4,7%) və 16 min ton yun (artım 0,2%) istehsal edilib.
Dekabrın 1-nə Azərbaycanda 2 milyon 931,2 min ton taxıl və paxlalı bitkilər (azalma 9,9%), 290,7 min ton qarğıdalı (artım 12,1%), 1 milyon 677,9 min ton tərəvəz (artım 2,5%), 1 milyon 15 min ton kartof (artım 2,1%), 448,1 min ton bostan bitkiləri (artım 0,1%), 1 milyon 121,5 min ton meyvə və giləmeyvə (artım 4,2%), 201,5 min ton üzüm (artım 3,8%), 931,3 ton yaşıl çay (artım 2,2%), 328,2 min ton pambıq (artım 12,2%), 24,7 min ton günəbaxan (azalma 28,4%), 242,7 min ton şəkər çuğunduru (artım 2,7%), 6,5 min ton tütün (artım 9,4%) yığılıb.
DSK-nın məlumatına görə, ölkənin əksər rayonlarında kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir.
“Təsərrüfatlarda 2021-ci ilin məhsulu üçün müvafiq işlər görülür. Cari ilin payızlıq əkinləri üçün 1 milyon hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün isə 804,9 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Onun 504,5 min hektarını buğda, 300,2 min hektarını arpa və 0,2 min hektarını çovdar təşkil edir”, - deyə məlumatda qeyd olunur.
2019-cu ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 7,2% artıb.*
X.Nəsirzadə