2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,8% - 2 milyard 809,4 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 1 milyon 66,3 min ton avtomobil benzini (artım 2,3%), 22,6 min ton sürtkü yağı (artım 9,7%), 347,1 min ton neft bitumu (artım 51,5%) istehsal edilib.
Yanvar-noyabr aylarında 1 milyon 881,3 min ton dizel yanacağı (azalma 1,6%), 161,9 min ton birbaşa qovulan benzin (azalma 27,3%), 459,1 min ton təyyarə yanacağı (azalma 14,6%), 58,4 min ton soba mazutu (azalma 50,7%), 179,5 min ton neft koksu (azalma 17,9%) istehsal edilib.
2020-ci il dekabrın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 71,6 min ton avtomobil benzini, 49,7 min ton təyyarə yanacağı, 68,5 min ton dizel yanacağı, 16,4 min ton soba mazutu, 9,3 min ton sürtkü yağı, 15,1 min ton neft bitumu, 47 min ton neft koksu ehtiyatı olub.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.*
N.Abbasova