Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər ölkədə mövcud iqtisadi vəziyyəti sabit hesab edir və ümid edirlər ki, COVID-19 pandemiyasının əlavə təsirləri nisbətən qısamüddətli olacaq.
Bu, Alman-Azərbaycan Xarici Ticarət Palatası və “KPMG Azerbaijan” şirkəti tərəfindən hazırlanmış 2020-ci ildə Azərbaycanda biznes mühitə dair hesabatda əks olunub.
"Rəyi soruşulan xarici şirkətlərin üçdə biri (34%) cari vəziyyətin pisləşməsi qənaətindədir, respondentlərin 39%-i isə iqtisadi vəziyyətin sabit olduğunu bildirib", - deyə "İnterfaks-Azərbaycan" agentliyinin malik olduğu hesabatda bildirilir.
Hesabata əsasən, müxtəlif sahələr səviyyəsində də analoji vəziyyət müşahidə olunur.
Sorğunun nəticələri göstərir ki, respondentlərin böyük hissəsi (44%) öz sahələrində mövcud vəziyyəti sabit qiymətləndirib, şirkətlərin 34%-i vəziyyətin pisləşməsi qənaətinə gəlib, daha 17% isə qiymət verməkdə çətinlik çəkib.
"Bu il sorğuda ən çox təmsil olunan sektorlardan inşaat, audit və konsaltinq, eləcə də neft-qaz sektoru öz sahələrinin cari vəziyyətindən daha əmin olub: "Sabit" cavablarının faizi ilk iki sahə üçün 55%, sonuncu sahə üçün isə 41% təşkil edib", - deyə hesabatda vurğulanır.
Müzakirələr göstərir ki, tikinti şirkətləri arasında nikbin əhval-ruhiyyə əsasən pandemiyadan sonra iqtisadi fəallığın stimullaşdırılması, iş yerlərinin saxlanılması və tikinti, ticarət və nəqliyyat, eləcə də logistika kimi çox mühüm sahələrin inkişafı məqsədilə iri infrastruktur layihələrinə dövlət investisiyalarının yatırılması ilə bağlı böyük gözləntilərdən irəli gəlir.
Tibb şirkətlərinin əksəriyyəti (10 şirkətdən 6-sı) cari şəraitdə işin sabit olduğunu qeyd edib ki, bu da tibbi xidmətlərə və dərman preparatlarna tələbin artması ilə bağlı ola bilər.
Sorğuya əsasən, qeyri-müəyyən proqnoza baxmayaraq, COVID-19 pandemiyasının Azərbaycanda biznesin effektivliyinə necə təsir etməsi ilə bağlı suala cavab olaraq 23% xarici şirkət böyük problemlərin olduğunu, daha 18% isə mühakimə etmək üçün hələ çox tez olduğunu deyib. Respondentlərin əksəriyyəti (55%) COVID-19 pandemiyasının əlavə təsirlərinin nisbətən qısamüddətli olacağını gözləyir.
Azərbaycanda biznes mühitlə bağlı sorğu 29 ölkənin 170 şirkəti arasında keçirilib. Sorğuda iştirak edən şirkətlər 15 müxtəlif iqtisadi sahəni təmsil edir və onların əksəriyyəti (91%) mikro, kiçik və orta müəssisələrdir.*