2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin sayı 54,701 min nəfər və ya 0,5% artaraq noyabrın 1-nə 10 milyon 121,809 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1002 qadın düşür.
Cari ilin 10 ayı ərzində ölkə üzrə 106,569 min doğulan körpə qeydə alınıb ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 9,5% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib. Doğulanların 53,3%-i oğlan, 46,7%-i isə qız uşaqlarıdır. Körpələrin 2,842 mini əkiz, 96-sı üçəm, 4-ü isə dördəm doğulanlardır.
Bu dövr ərzində 52,769 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 6,3 təşkil edib. 2019-cu ilin yanvar-oktyabr aylarında bu göstərici 5,6 olub.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 29,58 min nikah (2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə azalma 42,8%) və 12,347 min boşanma halı (azalma 13,5%) qeydə alınıb.
Yanvar-oktyabr aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1396 nəfər gələn və 495 nəfər ölkədən gedən qeydə alınıb.*
X.Nəsirzadə